
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verib. “Mercedes Vito” markalı mikroavtobusla “Dong Feng” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda sərnişin olan 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirov həyatını itirib. FHN-in xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı 1978-ci il təvəllüdlü Gülnarə Hüseynova da xəsarət alıb. O, sentyabrın 16-da saat 22:15-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya qapalı kəllə-beyin travması, döş qəfəsinin travması və alının açıq yarası diaqnozu qoyulub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, mikroavtobusun sürücüsü, Lənkəran rayonunun Şıxakəran kənd sakini 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov, eləcə də yük avtomobilinin sürücüsü, İranın Astara şəhər sakini Aydın Riyazi xəsarət almayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





