
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları və onlara dair qeydlər təsdiq edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı müvafiq əmr Elm və Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Firudin Qurbanov tərəfindən imzalanıb.
Təsdiq olunan yeni tədris planına əsasən, bəzi siniflərdə ayrı-ayrı fənlər üzrə dərs saatlarının sayında dəyişikliklər edilib. Bir sıra fənlərin tədris saatları artırılıb, bəzi fənlər üzrə isə azaldılıb.
Belə ki, tədrisi Azərbaycan dilində olan ümumi təhsil müəssisələrinin I və II siniflərində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı 1 saat artırılıb. X və XI siniflərdə isə bu fənn üzrə dərs saatları 1 saat azaldılıb.
Kimya fənni üzrə IX sinifdə dərs saatlarının sayı 1 saat artırılıb.
Tədrisi ingilis dilində olan ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə VIII sinifdə dərs saatı 1 saat artırılıb, X sinifdə isə 2 saat azaldılıb.
Tədrisi Azərbaycan dilində olan və ləzgi dili öyrədilən ümumi təhsil müəssisələrində xarici dil fənni üzrə I və II siniflərdə dərs saatları 1 saat artırılıb, X və XI siniflərdə isə 1 saat azaldılıb.
Bundan başqa, IX sinifdə Həyat bilgisi fənni üzrə dərs saatlarının sayı 1 saat artırılıb.
Tədrisi ingilis dilində olan və ləzgi dili öyrədilən təhsil müəssisələrində də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu müəssisələrdə Azərbaycan dili fənni üzrə VIII sinifdə dərs saatı 1 saat artırılıb.
Eyni zamanda, ikinci xarici dil fənni üzrə X sinifdə dərs saatları 2 saat azaldılıb. Kimya fənni üzrə IX sinifdə isə dərs saatı 1 saat artırılıb.
Əmrin icrasına nəzarət Elm və Təhsil nazirinin müavini Həsən Həsənliyə həvalə edilib.
Beləliklə, yeni tədris planı 2026-2027-ci tədris ilindən ümumi təhsil müəssisələrində ayrı-ayrı siniflər və fənlər üzrə dərs yükündə dəyişikliklərin tətbiqini nəzərdə tutur.
Qanuntv.az













