
Türkiyənin nəhəng klublarından olan “Qalatasaray” yaxınlaşan qış transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Qanuntv.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi komandada gözləntiləri doğrultmayan və kifayət qədər oyun praktikasına sahib olmayan bir neçə futbolçu ilə yolları ayırmağı nəzərdən keçirir.
Yerli medianın yaydığı məlumata görə, “sarı-qırmızılılar”ın göndərilməsi gündəmdə olan futbolçular arasında İlkay Gündoğan, Uilfrid Sinqo və Kaan Ayhan da var.
35 yaşlı İlkay Gündoğanın komandadakı vəziyyəti xüsusilə diqqət çəkir. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə cəmi iki oyunda meydana çıxıb və ümumilikdə 11 dəqiqə forma geyinib.
Kaan Ayhan da əsas heyətdə özünə yer tapmaqda çətinlik çəkir. Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilməyən futbolçu bu mövsüm cəmi bir dəqiqə meydanda olub.
Komandanın digər futbolçusu Uilfrid Sinqonun isə davamlı zədə problemləri onun oyun imkanlarını məhdudlaşdırıb. Sinqo cari mövsümdə yalnız iki qarşılaşmada iştirak edib və ümumilikdə 41 dəqiqə meydanda qalıb.
“Qalatasaray” rəhbərliyinin qış fasiləsində heyətdə aparacağı dəyişikliklərin əsas məqsədinin həm oyun praktikasından məhrum futbolçularla yolları ayırmaq, həm də komandanın heyətini daha da gücləndirmək olduğu bildirilir.





