
Azərbaycan regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Qanuntv.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan regionda sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə addımlar atmaq niyyətindədir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv atmosferdə keçib. Görüş zamanı tərəflər sülh gündəliyinin irəlilədilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, eləcə də ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər.
Hacıyev vurğulayıb ki, sülh yalnız qarşıdurmanın və münaqişənin olmaması ilə məhdudlaşmır. Davamlı sülh həm də regionda sabitliyin, qarşılıqlı etimadın və yenidənqurma-bərpa proseslərinə inamın formalaşdırılmasını nəzərdə tutur.
Prezidentin köməkçisi, həmçinin üçtərəfli konsepsiyanın inkişafı istiqamətində müşahidə olunan müsbət əlamətlərdən məmnunluğunu ifadə edib. O, bu layihəyə dəstək göstərən amerikalı tərəfdaşlara təşəkkürünü bildirib.
Qanuntv.az





