
Abşeronun Pirəkəşkül kəndində zəhərli ilanların evlərə daxil olması sakinlər arasında ciddi narahatlıq yaradıb.
Qanuntv.az xəbər verir ki, “Xəzər” TV-nin hazırladığı reportajda kənd sakinləri son günlər gürzələrin sayının artdığını və bunun gündəlik həyatlarını təhlükə qarşısında qoyduğunu bildiriblər.
Kənd sakini, 51 yaşlı Nailə Alıyevanın sözlərinə görə, indiyədək evinin ərazisində 4 gürzə öldürmək məcburiyyətində qalıb. O bildirir ki, xüsusilə gecə saatlarında evə daxil olan ilanlar ailənin rahatlığını pozub və hər an təhlükə ilə üz-üzə qalmaq qorxusu yaradıb.
Sakin qeyd edib ki, yaranmış təhlükəli vəziyyət səbəbindən ailəsi bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamalı olub. Lakin maddi imkanların məhdud olması səbəbindən kirayədə uzun müddət qalmaq mümkün olmayıb və ailə yenidən Pirəkəşkülə qayıtmağa məcbur olub.
Kənd sakinləri iddia edirlər ki, ilanların sayının artması təkcə insanlar üçün deyil, təsərrüfat heyvanları üçün də təhlükə yaradır. Bəzi hallarda gürzələrin heyvanlara hücum etdiyi və onların tələf olduğu bildirilir.
Sakinlərin əsas narahatlığı isə uşaqlar və yaşlıların təhlükəsizliyi ilə bağlıdır. Onlar aidiyyəti qurumlara müraciət edərək əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyənləşdirilməsini və təhlükənin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini istəyirlər.





