
Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə sentyabrın 10-da ərazidə xidməti vəzifəsini yerinə yetirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənovun piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə qeydə alınıb.
Partlayış nəticəsində Anar Həsənovun sol ayağı nahiyəsindən ağır xəsarət aldığı bildirilib. Hadisədən dərhal sonra yaralı əməkdaş tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə olunub.
TƏBİB-in məlumatına görə, pasiyent daha ixtisaslı tibbi xidmət almaq məqsədilə sentyabrın 10-da saat 10:30-da Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə edilib.
Həkimlər tərəfindən pasiyentə sol aşıq-baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda yaralı üzərində əməliyyat icra olunur.
Mina hadisəsinin başvermə şəraiti ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





