
Sentyabrın 12-də Bakıda uşaqlar üçün əyləncə və maarifləndirici proqramlardan ibarət “Yenidən məktəbə” festivalı keçiriləcək.
Qanuntv.az xəbər verir ki, “Azersun Holding”in müxtəlif markalarının iştirakı ilə təşkil olunacaq festival “Park Bulvar” Alış-Veriş Mərkəzinin 3-cü mərtəbəsində, saat 16:00-dan 20:00-dək baş tutacaq.
Festivalın əsas məqsədi uşaqların yay tətili ilə xoş əhval-ruhiyyədə vidalaşmasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamasına dəstək olmaqdır.
Tədbirdə “Azərçay”, “Bizim Tarla”, “Azərsüd”, “Bazarstore”, “Shokki Mokki”, “Sun”, “Qaf” və “Joyzz” markaları iştirak edəcək. Uşaqlar üçün müxtəlif oyunlar, ustad dərsləri, hədiyyəli yarışlar, sevimli qəhrəmanlarla görüş, sehrbaz, şar və köpük şouları təşkil olunacaq.
Festival çərçivəsində valideynlər üçün də xüsusi proqram nəzərdə tutulub. “Valideyn Akademiyası”nda psixoloqun iştirakı ilə uşaqların məktəbə adaptasiyası, dərsə motivasiyasının artırılması, emosional hazırlıq və məktəb rejiminə uyğunlaşması mövzusunda maarifləndirici görüş keçiriləcək.
Festival sentyabrın 12-də saat 16:00-dan 20:00-dək “Park Bulvar” Alış-Veriş Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək. Tədbirə giriş sərbəstdir.
Təşkilatçılar bütün ailələri yeni tədris ilini xoş əhval-ruhiyyə və əyləncəli anlarla qarşılamağa dəvət edir.





