
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
Qanuntv.az xəbər verir ki, festival Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində təşkil olunan tədbirlər sırasındadır. Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında milli pavilyonumuz qurulub. İki hissədən ibarət pavilyonda Azərbaycanın zəngin mədəni irsi, milli mətbəxi və qədim sənətkarlıq ənənələri nümayiş etdirilir.
Pavilyonun kulinariya bölməsində ölkəmizin müxtəlif regionlarına məxsus bitki, meyvə, taxıl, çərəz və digər yerli məhsullar təqdim olunur. Burada, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan çay mədəniyyətinin ənənələri ziyarətçilərin diqqətinə çatdırılır.
Pavilyonun digər hissəsində isə Azərbaycan xalçaçılığı, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənətinin nümunələri sərgilənir. Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsrə aid Qarabağ evinin interyerinin canlandırılması da pavilyonun diqqətçəkən elementlərindəndir.
Tədbir çərçivəsində azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi, o cümlədən muğam nümunələri səsləndirilib. Beləliklə, milli pavilyonda ölkəmizin həm maddi, həm də qeyri-maddi mədəni irsi beynəlxalq iştirakçılara təqdim olunub.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul təşkil edilib, həmçinin konsert proqramı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.







