
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti, general Jozef Auna ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda Livan Prezidentini və dost Livan xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev təbrik məktubunda Livan Respublikasının milli bayramının əhəmiyyətini vurğulayaraq, bu əlamətdar gün münasibətilə Jozef Auna möhkəm cansağlığı, məsul fəaliyyətində uğurlar, Livan xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram”.





