
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) yeni kadr təyinatı həyata keçirilib. Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinə yeni müdir təyin olunub.
Qanuntv.az xəbər verir ki, MÜTDA-nın direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Abdullayeva Uşaq rifahı və inkişafı şöbəsinin müdiri vəzifəsinə gətirilib.
İlhamə Abdullayeva təhsil sahəsində müxtəlif vəzifələrdə çalışaraq geniş iş təcrübəsi qazanıb. O, əmək fəaliyyəti dövründə müəllim, direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri və müdir müavini, həmçinin Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifələrində işləyib.
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən son təyinatına qədər Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsini tutub.
Yeni təyinatla onun təhsil sahəsindəki idarəçilik fəaliyyətini Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində davam etdirəcəyi bildirilir.
Uşaq rifahı və inkişafı sahəsi təhsil sisteminin mühüm istiqamətlərindən biri olmaqla, uşaqların təhlükəsiz, sağlam və hərtərəfli inkişafını dəstəkləyən mexanizmlərin formalaşdırılmasını əhatə edir.





