
Türkiyədə fond bazarında yaranmış böhranla əlaqədar aparılan genişmiqyaslı istintaq çərçivəsində 136 nəfər həbs olunub.
QanunTV.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdə keçirilən fraksiya iclasında çıxışı zamanı bildirib ki, indiyədək iş üzrə 500 şübhəli istintaqa cəlb edilib. Onlardan 136-sı həbs olunub, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri seçilib.
Ərdoğan qeyd edib ki, Türkiyənin iqtisadiyyatına və kapital bazarlarına qarşı mütəşəkkil şəkildə qanunsuz addımlar atan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar. Onun sözlərinə görə, araşdırmalar böyük həssaslıqla davam etdirilir.
Xatırladaq ki, Türkiyənin fond bazarında böhran sentyabrın 16-da İstanbul birjasında kotirovkaların kəskin azalması ilə başlayıb. Həmin vaxt hərraclar dayandırılıb və hadisə ilə bağlı istintaqa başlanılıb.
İstintaqın ehtimalına görə, bazarda yaranan təşviş bir neçə investisiya fondu və idarəedici şirkətin likvidlik böhranı ilə əlaqədar süni şəkildə yaradılıb.
Araşdırma çərçivəsində kapital bazarı qanunvericiliyini pozmaqda şübhəli bilinən bir sıra şəxslər saxlanılıb. Onların arasında Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Bank Tənzimləmə Şurasının iki yüksəkvəzifəli nümayəndəsi və İstanbul birjasının rəhbəri də yer alıb.
Bundan əlavə, ölkə rəhbərliyinin qərarı ilə 131 investisiya fondunun fəaliyyətinə xitam verilib.





