
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri həyata keçirilib, bir sıra şöbələr yenidən təşkil olunub və yeni kadr təyinatları aparılıb.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, qurumun İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yenidən təşkil edilərək onun əsasında İctimai-siyasi məsələlər şöbəsi yaradılıb.
Eyni zamanda, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv edilərək yeni yaradılan şöbəyə birləşdirilib. İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə Elmin İmanov təyin olunub. Cavid Fərhadov isə onun müavini vəzifəsini tutub.
Bundan əlavə, Mənzil fondunun uçotu şöbəsi Şəhər təsərrüfatı şöbəsinə birləşdirilib. Yeni struktur Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi adlandırılıb. Şöbəyə Məmməd Qasımov rəhbərlik edəcək.
Tikinti məsələləri şöbəsi Nəzarət-təftiş şöbəsinə birləşdirilərək Nəzarət və tikinti məsələləri şöbəsi yaradılıb. Zülfəli İsmayılov yeni şöbənin müdiri, Rəşid Ağayev isə müavini təyin edilib.
Digər dəyişikliklər çərçivəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin adı Ərazi-təşkilat məsələləri şöbəsi olaraq dəyişdirilib. Anar Tağıyev rəhbər vəzifəsində saxlanılıb.
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi bundan sonra Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi adlandırılacaq. Vüqar Qəhrəmanov həmin şöbənin müdiri vəzifəsini davam etdirəcək.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin adı isə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi olaraq dəyişdirilib. Yaqut Mönsümova da yeni strukturda şöbə müdiri vəzifəsində saxlanılıb.
Aparılan dəyişikliklərin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun yenidən təşkili və idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində həyata keçirildiyi bildirilir.





