
İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ABŞ xüsusi xidmət orqanlarına İranın Prezident Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli şəxslərinə qarşı mümkün sui-qəsd planları hazırlaya biləcəyi barədə məlumat ötürüb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Israel Hayom” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, mümkün hücum ssenarilərindən biri kimi partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə ehtimalı nəzərdən keçirilir.
Kəşfiyyat məlumatlarının Vaşinqtonu dövlət rəhbərliyinin təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirməyə vadar etdiyi bildirilir. Bu məlumatların Ağ Evin Tehranla danışıqlardakı mövqeyinə də təsir göstərə biləcəyi qeyd olunur.
Məlumata əsasən, ehtimal olunan təhlükənin İsrail və ABŞ-nin birgə hərbi əməliyyatının əvvəlində İranın sabiq ali lideri Əli Xameneinin öldürülməsi ilə əlaqədar qisas niyyəti ilə bağlı olduğu güman edilir. Bu fonda “Mossad”ın rəhbəri Roman Qoffmanın ABŞ-yə səfər etdiyi bildirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində Tramp administrasiyasının bəzi üzvlərinin müvəqqəti olaraq şəxsi yaşayış yerlərindən mühafizə olunan hərbi obyektlərə köçürüldüyü iddia olunur. Onların arasında maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin də olduğu bildirilir.
Mümkün təhdidlər ABŞ prezidentinin ictimai tədbirlərinin təşkilinə də təsir edib. Mənbələrin məlumatına görə, Trampın açıq havada keçirilən tədbirlərinin sayı azaldılıb, səfərləri zamanı isə mümkün PUA hücumlarına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Nəşr yazır ki, “Mossad”ın təqdim etdiyi məlumatlar Trampın Tehranla mümkün razılaşmaya münasibətinə təsir göstərən amillərdən biri olub. ABŞ ilə İran arasında diplomatik razılaşma perspektivlərinin zəiflədiyi qeyd edilir.
Məlumata görə, İranla münasibətlərdə diplomatik həll yolunu dəstəkləyən vitse-prezident Cey. Di. Vens də danışıqlar prosesindən kənarda qalıb. Trampın ona ABŞ-də cinayətkarlıq və korrupsiya ilə mübarizəyə diqqət yetirməyi tapşırdığı bildirilir.
ABŞ prezidenti isə Tehranla razılaşmanın artıq zəruri olmadığını bəyan edərək Vaşinqtonun İrana qarşı güclü iqtisadi təzyiq imkanlarına malik olduğunu vurğulayıb.
Qeyd edək ki, nəşrin yaydığı məlumatlarda mümkün sui-qəsd planlarının konkret yeri və vaxtı barədə açıqlama verilməyib. İddialar rəsmi qurumlar tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.





