
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurdlarından didərgin düşmüş ailələrin öz torpaqlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir.
QanunTV.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə, rayonun Quzeyxırman kəndinə, Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç prosesi baş tutacaq.
Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə olmaqla 140 nəfər, Quzeyxırman kəndinə 12 ailə olmaqla 45 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə olmaqla 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə olmaqla 74 nəfər köçürüləcək.
Beləliklə, ümumilikdə 83 ailənin, 333 nəfər sakinin doğma yurdlarına qayıdışı təmin ediləcək.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən bu proses işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin dirçəldilməsi və sakinlərin doğma torpaqlarında məskunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.





