
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri arasında Ukraynada sülh məsələsinə dair keçirilən görüşdən yeni görüntülər yayılıb.
QanunTV.az xəbər verir ki, noyabrın 12-də Moskvada, Kreml sarayında baş tutan görüşdə Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə danışıqlar aparıb.
Görüş zamanı Putin Avropa ölkələrinin Ukraynada mümkün sülh razılaşmasından sonra hərbi qüvvələr yerləşdirmək niyyətinə toxunub. Rusiya lideri belə bir addımın Moskva tərəfindən qəbuledilməz olduğunu bildirib və Ukrayna ərazisində yerləşdiriləcək xarici hərbi qüvvələrin Rusiyanın qanuni hədəfi hesab ediləcəyini vurğulayıb.
Yayılan görüntülərdə Putinin bu məsələdən danışarkən səsini yüksəltdiyi, tərcüməçinin isə onun sözlərini ingilis dilinə çatdırdığı görünür. Sosial şəbəkələrdə yayılan kadrlarda tərcüməçinin tərcümə zamanı masaya zərbə vurduğu da iddia edilir.
Qeyd edək ki, görüş ABŞ-nin Ukraynada müharibənin dayandırılması istiqamətində apardığı diplomatik səylər çərçivəsində keçirilib. Danışıqlarda ərazi məsələləri, mümkün sülh razılaşmasının şərtləri, hərbi təhlükəsizlik və Avropa ölkələrinin prosesdə iştirakı müzakirə olunub.
Görüşdən sonra ABŞ nümayəndələri İrlandiyanın paytaxtı Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşüblər.





