
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. 1988-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
O, 1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini təyin edilib. Müxtəlif dövrlərdə komissiyanın sədri vəzifəsini müvəqqəti icra edib, 2000-ci ilin oktyabrında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.
Sonrakı illərdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının və İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
Məleykə Abbaszadə 2013-cü ildə “Şöhrət”, 2023-cü ildə isə “Şərəf” ordeni ilə təltif edilib.
QanunTV.az





