
Xankəndi şəhəri daha bir əlamətdar idman tədbirinə ev sahibliyi edib. Noyabrın 22-də şəhərdə “Prezident kuboku” uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Tədbir sağlam həyat tərzinin təbliği, atletika idman növünün inkişafı və Qarabağ bölgəsində idmana marağın daha da artırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Məlumata görə, yarışda 300-ə yaxın idmançı və iştirakçı mübarizə aparıb. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak ediblər.
Yarış iştirakçıları 5 kilometrlik məsafədə öz fiziki hazırlıqlarını və idman bacarıqlarını nümayiş etdiriblər. Müxtəlif kateqoriyalar üzrə keçirilən mübarizənin sonunda qaliblər müəyyənləşdirilib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.
Xankəndidə belə idman tədbirlərinin keçirilməsi işğaldan azad edilmiş ərazilərdə ictimai həyatın canlanması, idman infrastrukturunun və ənənələrinin inkişafı, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qarabağda idman yarışlarının təşkili bölgənin dirçəlişinə, ictimai fəallığın artırılmasına və şəhərlərin sosial-mədəni həyatının zənginləşdirilməsinə də öz töhfəsini verir.





