
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyacaq. Bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
FHN əhaliyə intensiv yağıntılar zamanı sel, daşqın və subasma riski olan ərazilərdən uzaq durmağı tövsiyə edir. Belə təhlükə yarandığı halda dərhal yaxınlıqdakı yüksək ərazilərə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək vacibdir.
Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamağı tövsiyə edib.
Kiçikhəcmli gəmi istifadəçilərinə də belə hava şəraitində dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.
FHN ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı, açıq ərazilərdə elektrik xətləri, ildırımötürücülər, antenalar və hündür ağaclardan uzaq durmağı tövsiyə edir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi keçənədək gözləmək məsləhət görülür.





