
Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkarlanıb.
Məlumata görə, qadınların meyitləri xilasedicilər tərəfindən aparılan axtarış tədbirləri zamanı tapılıb.
Bildirilir ki, 31 avqust tarixində göbələk toplamaq üçün evdən çıxan iki təqaüdçü qadın geri qayıtmayıb. Bundan sonra onların axtarışına Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları ilə yanaşı, polis və könüllülər də cəlb olunub.
Axtarışlar nəticəsində qadınların meyitləri meşəlik ərazidə aşkarlanıb.
İlkin məlumata əsasən, meyitlərin üzərində vəhşi heyvan hücumuna xas izlər müəyyən edilib. Qadınların ayı hücumu nəticəsində öldüyü ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.





