
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərənin “Arsenal” komandasının braziliyalı vingeri Qabriel Martinellinin transferini rəsmən açıqlayıb.
Qanuntv.az xəbər verir ki, 25 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Transferin ümumi məbləğinin təxminən 70 milyon avro olduğu bildirilir. Bu keçid “Arsenal” tarixində ən bahalı futbolçu satışı kimi qeydə alınıb.
Martinelli 2019-cu ildən “Arsenal”ın formasını geyinirdi. Braziliyalı futbolçu London klubunda keçirdiyi 278 oyunda 62 qol vurub.
Ötən mövsüm isə Martinelli “Arsenal”ın heyətində 53 matça çıxaraq 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Martinellinin “Əl-Hilal”a keçidi ilə “Arsenal”ın satış rekordu yenilənib. Bundan əvvəl klubun ən bahalı satışı 2017-ci ildə Aleks Oksleyd-Çemberleynin “Liverpul”a 40 milyon funt-sterlinqə transferi hesab olunurdu.





