
Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin “Trabzonspor” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.
Qanuntv.az xəbər verir ki, bu barədə BBC məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, insident martın 27-də Uilmslou şəhərində baş verib. Radarlar sürət həddinin aşılması faktını qeydə alıb. Məhkəmə sənədlərində bildirilir ki, Salah “Rolls-Royce” markalı avtomobilin sükanı arxasında olan şəxsin kimliyini polisə açıqlamayıb.
Futbolçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.
Qeyd olunur ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı insident Salahın “Liverpul” klubundan ayrıldığını elan etməsindən bir neçə gün sonra baş verib.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinib. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi Türkiyənin “Trabzonspor” klubuna transfer olunub.





