
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın hadisəsi qeydə alınıb.
QanunTV.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, hadisə bu gün saat 16:40 radələrində avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib.
Məlumata əsasən, avtobusun arxa hissəsindəki təkərlərdən biri qəfil alışıb. Dərhal sərnişinlər avtobusdan təxliyə edilib və yanğının söndürülməsi üçün ilkin müdaxilə olunub. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb.
Daha sonra təkərdə baş verən yanğın yaxınlıqda yerləşən avtoyuma məntəqəsinin təzyiqli suyu vasitəsilə tam söndürülüb.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Xaçmaz avtovağzalından əraziyə göndərilən digər avtobus vasitəsilə sərnişinlərin Bakı istiqamətində hərəkəti təmin edilib.





