
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AID Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
Qanuntv.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.
Rüfət Mikayılov iki il əvvəl ABŞ-də təhsil almaq məqsədilə "AID Group"a müraciət etdiyini bildirib. Onun sözlərinə görə, şirkət tərəfindən müqavilə təqdim olunub və şərtlərlə razılaşdıqdan sonra 2 min ABŞ dolları ödəniş edib.
Şikayətçi sonradan ona təqdim edilən müqavilədə ilkin razılaşmadan fərqli şərtlərin olduğunu gördüyünü deyib. Onun sözlərinə görə, yeni müqavilədə viza üçün əlavə 850 manat ödəniş və digər şərtlər qeyd olunub.
Rüfət Mikayılov yeni müqavilə ilə tanış olduqdan sonra şirkətlə ilkin razılaşmadan imtina etdiyini və ödədiyi vəsaitin geri qaytarılmasını tələb etdiyini bildirib. O, buna baxmayaraq, indiyədək 2 min dollarının geri qaytarılmadığını iddia edib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı polisə ərizə ilə müraciət edib və prokurorluqdan ona zəng ediləcəyinin bildirildiyini, lakin hələlik nəticə barədə məlumat almadığını söyləyib.
Rüfət Mikayılov həmçinin şirkətin ofisinə daxil olarkən müştərilərin telefonlarının götürüldüyünü iddia edib. Onun sözlərinə görə, bu qayda səsyazmanın qarşısının alınması məqsədilə tətbiq olunub.
Məlumata görə, "AID Group"la bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılır. Bir neçə zərərçəkmiş şəxsin dəymiş zərərinin ödənildiyi də bildirilir.
Qeyd edək ki, Nigar Fərhad cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürüldüyü və barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbirinin seçildiyi bildirilir.
İttihamların hüquqi qiyməti məhkəmə tərəfindən müəyyən ediləcək.
Qeyd olunur ki, "AID Group" iki ay əvvəl fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadənin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildiyi bildirilib.





