
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.
Qanuntv.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan kompleks barədə məlumat verib.
Bildirilib ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən “Meysari Grand Hotel & SPA” çoxfunksiyalı turizm və istirahət məkanıdır. Kompleksdə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançası yaradılıb.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Ərazidə, həmçinin 3 villa yerləşir.
Sağlamlıq mərkəzində qonaqların istirahəti və sağlamlıqlarının bərpası üçün imkanlar yaradılıb. Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək.
Kompleksin ərazisində yerləşən Nəsimi Konfrans Mərkəzində 420 nəfərədək iştirakçının iştirakı ilə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, daha kiçikmiqyaslı tədbirlər üçün ayrıca zal da yaradılıb.
Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları, eləcə də zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etməsinə imkan verən helikopter meydançası yaradılıb.
Yeni kompleksin fəaliyyətə başlaması ilə ümumilikdə 320 yeni iş yerinin açıldığı bildirilib.
Şamaxının qədim tarixi, zəngin mədəni irsi, təbiəti və turizm imkanları nəzərə alınmaqla, yeni hotel kompleksinin istifadəyə verilməsi rayonun turizm infrastrukturunun genişləndirilməsinə və bölgədə istirahət imkanlarının artırılmasına xidmət edən layihələrdən biri kimi təqdim olunur.











