
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı infrastrukturuna zərbələri dayandırmağa çağırıb.
“Oxu.Az” “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu barədə sentyabrın 13-də İrlandiyada jurnalistlərə açıqlamasında danışıb.
ABŞ prezidentinin sözlərinə görə, son aylarda Ukraynanın Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ölkədə yanacaq istehsalının azalmasına və benzin qıtlığının yaranmasına səbəb olub.
Ukrayna isə Rusiyanın neft emalı zavodlarının qanuni hərbi hədəflər olduğunu bildirir. Kiyev bu addımları Rusiyanın Ukrayna ərazisinə davamlı zərbələri fonunda həyata keçirdiyini qeyd edir.
Tramp Zelenski ilə bu məsələni müzakirə etdiklərini bildirib:
“Cənab Zelenski bir şey etməlidir: o, Rusiyada dizel yanacağını sıradan çıxarmağı dayandırmalıdır. Biz bu barədə cənab Zelenski ilə danışdıq. Başqa çoxlu hədəflər var. Dizel yanacağına zərbə vurmayın. Bu, dünyaya zərər verir”.
Qeyd edək ki, ABŞ-da dizel yanacağının orta qiyməti də son dövrdə yüksəlib. “GasBuddy”nin məlumatına görə, yük maşınları, qatarlar, gəmilər və kənd təsərrüfatı texnikasında istifadə olunan dizelin qiyməti ilk dəfə bir qallon üçün 6 dolları ötüb.





