
Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva “Medera Hospital”da keçirdiyi əməliyyatdan sonra səhhətində problemlər yarandığını iddia edib.
Qanuntv.az xəbər verir ki, şikayətçi Baku TV-nin qaynar xəttinə müraciət edərək əməliyyat zamanı sol ayağının əvəzinə sağ ayağının əməliyyat edildiyini bildirib.
Dövlət Abdullayeva uzun illərdir ayaqları ilə bağlı müxtəlif problemlər yaşadığını və çoxsaylı əməliyyatlar keçirdiyini deyib. Onun sözlərinə görə, sonuncu müdaxilədən sonra vəziyyəti daha da ağırlaşıb.
“20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam. Məni necə şikəst qoyubsa, gəlsin”, – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı “Medera Hospital”dan verilən açıqlamada isə Dövlət Əliqulu qızı Abdullayevanın 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə əlaqədar əməliyyat olunduğu qeyd edilib.
Klinikanın məlumatına görə, daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə tibb müəssisəsinə dəvət olunub və rəhbərliklə mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Bildirilib ki, travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və ona iki aylıq müalicə təyin edib.
“Medera Hospital”dan bildirilib ki, müalicə kursu başa çatdıqdan sonra xəstəyə yenidən klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Açıqlamaya əsasən, Dövlət Abdullayeva bu təkliflə razılaşıb və rayona qayıdıb.
Klinika həmçinin iddia edib ki, Dövlət Abdullayeva və həyat yoldaşı tibb müəssisəsini tərk etdikdən sonra müxtəlif dövlət qurumlarına müraciət edərək şikayətlər ediblər və həmin şikayətləri “əsassız” hesab etdiyini bildirib.
Qeyd edək ki, Abdullayevlər ailəsi əməliyyatı icra edən “Gürkan” adlı həkimin Türkiyəyə getdiyini və geri qayıtmayacağını bildirsə də, həkimin özü və ya onu təmsil edən tərəf tərəfindən bununla bağlı hər hansı açıqlama verilməyib.
Məsələ ilə bağlı tərəflərin mövqeləri fərqlidir. Əməliyyatın gedişi və sonrakı tibbi müdaxilələrlə bağlı hüquqi və tibbi qiymətləndirmə isə müvafiq araşdırmaların nəticəsindən asılıdır.





