
İmişli rayonunda nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin nəzərdə tutulan toy mərasiminin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Qanuntv.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində nikah yaşına çatmayan qızın 31 yaşlı şəxslə toy mərasiminin keçirilməsinin planlaşdırılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən məlumat dərhal araşdırılıb. Keçirilən tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan toy məclisinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunub. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması və qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
Polis tərəfindən bu istiqamətdə profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.





