
Prezident İlham Əliyevin Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qanuntv.az yeni sədrin tərcümeyi-halını təqdim edir.
Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr təhsili alıb. 2010-cu ildə həmin universitetdə “İdarəetmənin informasiya texnologiyası” ixtisası üzrə magistratura pilləsini başa vurub.
2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA proqramı üzrə biznesin təşkili və idarə edilməsi ixtisasında təhsil alıb.
Əmək fəaliyyətinə 2010-cu ildə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb. 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis vəzifəsində çalışıb.
2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində fəaliyyət göstərən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsini tutub.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi istiqamətində fəaliyyət göstərən müxtəlif şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrində çalışıb.
2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
2021-ci il iyunun 1-dən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Osman Xaliyev 2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Fondun İdarə Heyətinin sədri təyin edilib.
Yeni təyinatla Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fonduna rəhbərlik edəcək.
Osman Xaliyev ailəlidir, bir övladı var.





