
Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 07:00 radələrində qeydə alınıb. İlkin məlumata görə, “Toyota Prado” markalı avtomobilin sürücüsü A.Cabbarovun sükan arxasında yuxulaması nəticəsində qəza baş verib.
Məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb.
BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev sürücülərə yorğun və yuxulu vəziyyətdə avtomobil idarə etməmələri ilə bağlı xəbərdarlıq edib.
O bildirib ki, yuxululuq hiss edən sürücünün hərəkəti davam etdirməsi həm onun özü, həm də digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır.
R.Tağıyev uzaq məsafəyə səfər edən sürücülərə yola çıxmazdan əvvəl kifayət qədər istirahət etməyi, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz ərazidə saxlayaraq dincəlməyi tövsiyə edib.
“Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir. Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil”, – deyə şöbə rəisi vurğulayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.





