
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünün törətdiyi qəza nəticəsində həyat yoldaşı həyatını itirib, azyaşlı oğlu isə xəsarət alıb.
QanunTV.az xəbər verir ki, hadisə oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayonunun Çanaqçı kəndində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobil hərəkət zamanı aşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, rayon sakini Şükür Ələkbərov şənlikdə spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.
Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib. Onların 12 yaşlı oğlu isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
QanunTV.az bir daha sürücülərə müraciət edərək xatırladır ki, spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçmək həm sürücünün, həm də digər insanların həyatını ciddi təhlükə altına qoyur. Yol hərəkəti qaydalarına əməl etmək və məsuliyyətli davranmaq faciələrin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.





