
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ətrafında aparılan müzakirələrə münasibət bildirib.
Qanuntv.az xəbər verir ki, Allahşükür Paşazadə Real TV-yə müsahibəsində məsələni “hicab qadağası” kimi təqdim edənləri tənqid edib. O vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicabla bağlı hər hansı ifadə yer almır, söhbət məktəbli geyimindən gedir.
QMİ sədri qeyd edib ki, bəzi şəxslər məsələni qəsdən dini müstəviyə daşıyaraq insanların dini hisslərindən istifadə etməyə və onları dövlətə qarşı yönəltməyə çalışırlar. Onun sözlərinə görə, bu cür yanaşmalar cəmiyyətdə dövlətlə dindarlar arasında süni qarşıdurma yaratmaq məqsədi daşıyır.
Allahşükür Paşazadə Azərbaycan dindarlarının dövlətə və dövlətçiliyə bağlı olduğunu vurğulayaraq, ölkədə dini zəmində qarşıdurma yaratmaq cəhdlərinin nəticəsiz qalacağına inandığını bildirib.
QMİ sədri işğal dövründə Azərbaycan ərazilərində məscidlərin dağıdılmasına və dini abidələrin təhqir olunmasına səssiz qalan bəzi şəxslərin bu gün hicab məsələsini gündəmə gətirməsini də tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən görüntüləri beynəlxalq ictimaiyyətə, o cümlədən müsəlman ölkələrinə göndərdiyini xatırladıb.
Şeyxülislam dindarları səbirli olmağa, dövlətin və dövlətçiliyin yanında dayanmağa çağırıb. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də xüsusi vurğulayıb.
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini bildirib. Onun fikrincə, dini mövzuların siyasi qarşıdurma vasitəsinə çevrilməsi yolverilməzdir.
QMİ sədri, həmçinin şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə qarşı çıxaraq dövlətin şəhidlərin əmanəti olduğunu qeyd edib.





