Bakıda toy məclislərinə girərək qonaqların telefonlarını oğurlayan şəxs saxlanılıb

Bakının Nizami rayonunda toy məclislərində qonaqların mobil telefonlarını oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanuntv.az xəbər verir ki, M.Rəhmanov toy mərasimlərinə daxil olaraq qonaqların rəqs etmək məqsədilə masalarından uzaqlaşmasından istifadə edib. O, həmin vaxt masaların üzərində saxlanılan mobil telefonları götürərək hadisə yerindən uzaqlaşıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı ümumi dəyəri 3300 manat olan iki mobil telefonu cəmi 710 manata satıb.
Faktla bağlı cinayət işi başlanılıb. M.Rəhmanov saxlanılaraq həbs edilib.
Hadisə ictimai məkanlarda, xüsusilə kütləvi tədbirlər və şənliklər zamanı şəxsi əşyaların qorunmasının vacibliyini bir daha gündəmə gətirib.