İranın Naxçıvanla sərhədə hərbi texnika toplaması iddialarına rəsmi münasibət bildirildi

Son günlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətində ağır hərbi texnika cəmləşdirməsi ilə bağlı görüntülər yayılıb. Sözügedən paylaşımlar ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı açıqlama verib.
Səfirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərin çəkildiyi vaxt və məkan dəqiq müəyyən edilmədiyindən həmin materiallarla bağlı konkret fikir bildirmək mümkün deyil.
Bununla yanaşı, diplomatik nümayəndəlik qeyd edib ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.
Səfirlik, həmçinin əsassız məlumat və materialların yayılmasından, eləcə də onların Azərbaycanla İran arasındakı dostluq münasibətlərinə xələl gətirəcək formada şərh edilməsindən çəkinməyi tövsiyə edib.
Beləliklə, sosial şəbəkələrdə yayılan görüntülərin həqiqiliyi, çəkilmə tarixi və konkret coğrafi məkanı ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb. Rəsmi açıqlamada isə görüntülərin Naxçıvan sərhədində çəkildiyi təsdiqlənməyib.