
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə uyğun kəsilməsi ilə bağlı yeni tələblərin hazırlanması gündəmə gətirilib.
Qanuntv.az xəbər verir ki, məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, ilk mərhələdə heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinə səbəb olan amillər araşdırılacaq.
Daha sonra heyvanların növü, cinsi və məhsuldarlıq xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ tələblərin hazırlanması nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədlərindən biri heyvandarlıq məhsullarının həcminin artırılması və daxili bazarın qorunmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni tələblər hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə, mövcud standartlar və hüquqi tənzimləmə mexanizmləri araşdırılacaq. İlkin mərhələdə iqtisadi, bioloji, aqrotexniki və digər amillər qiymətləndiriləcək.
AQTA-nın məlumatına görə, bütün heyvanlar üçün vahid yaş və çəki göstəricilərinin tətbiqi nəzərdə tutulmur. Tələblərin heyvanların növünə, cinsinə və məhsuldarlıq xüsusiyyətlərinə uyğun fərqləndirilməsi planlaşdırılır.
Prosesin rəqəmsal nəzarət sistemləri vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Hüquqi aktlar qüvvəyə mindikdən sonra kəsim məntəqələrində rəqəmsal identifikasiya və rəsmi çəkiölçmə sistemləri vasitəsilə tələblərə əməl olunmasına nəzarət ediləcək.
Agentlikdən bildirilib ki, yeni qaydaların tətbiqindən əvvəl fermerlər və sahibkarlar üçün hazırlıq və adaptasiya dövrü yaradılacaq, geniş maarifləndirmə tədbirləri keçiriləcək.
İqtisadçı Günay Hüseynovanın fikrincə, erkən kəsimin qarşısının alınması məqsədi daşıyan yeni qaydalar bazarda tələb-təklif balansına təsir göstərə və müəyyən hallarda qiymət artımı riskini yarada bilər. Onun sözlərinə görə, xüsusilə kiçik təsərrüfatlarda heyvanların daha uzun müddət saxlanılması yem və qulluq xərclərinin artmasına səbəb ola bilər.
Ekspert hesab edir ki, iri təsərrüfatlarla müqayisədə kiçik və ev tipli təsərrüfatların əlavə xərcləri qarşılamaq imkanları daha məhdud ola bilər. Bu səbəbdən yeni tələblərin tətbiqi ilə paralel olaraq həmin təsərrüfatlara dövlət dəstəyinin göstərilməsi vacib məsələlərdən biri kimi qiymətləndirilir.
Mütəxəssis həmçinin bildirir ki, heyvanların daha gec kəsilməsi yalnız yem xərclərini deyil, saxlama, daşınma və kəsimlə bağlı digər xərcləri də artıra bilər. Bu amillərin gələcəkdə ətin pərakəndə satış qiymətlərinə təsiri isə bazardakı tələb və təklifdən asılı olacaq.
Yeni tələblərin mərhələli şəkildə hazırlanması və tətbiqi nəzərdə tutulduğundan, onların fermerlərə, xüsusilə kiçik təsərrüfatlara real təsiri normativ sənədlər qəbul edildikdən və praktiki tətbiq başladıqdan sonra daha aydın görünəcək.





