
“Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı işində mühüm qərar verildiyi barədə məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, Britaniya mətbuatında yayılan məlumatlara əsasən, müstəqil komissiya klubun ona qarşı irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli olduğuna qərar verib. İş üzrə ittihamlar klubun maliyyə məlumatlarının təqdim edilməsi, oyunçu və məşqçi ödənişləri, UEFA-nın maliyyə qaydaları, gəlirlilik və dayanıqlılıq tələbləri, eləcə də Premyer Liqanın araşdırması ilə əməkdaşlıq məsələlərini əhatə edir.
Hazırda “Mançester Siti”yə tətbiq olunacaq konkret sanksiya müəyyənləşdirilməyib. Mümkün tədbirlər arasında böyük məbləğdə maliyyə cəriməsi, Premyer Liqada xal silinməsi və ən sərt variant kimi klubun liqadan kənarlaşdırılması da nəzərdən keçirilə bilər.
Bununla belə, proses hələ tam başa çatmayıb. “Mançester Siti” qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Klub isə açıqlamasında prosesin davam etdiyini və iş üzrə əhəmiyyətli məsələlərin hələ yekunlaşmadığını bildirib.
Qeyd edək ki, Premyer Liqa “Mançester Siti”yə qarşı ittihamları 2023-cü ilin fevralında irəli sürüb. Uzun müddət davam edən araşdırma və dinləmələrdən sonra iş üzrə qərarın verilməsi İngiltərə futbolunda böyük diqqət doğurub. Sanksiyanın hansı formada olacağı isə apellyasiya prosesindən və yekun qərardan sonra dəqiqləşəcək.





