
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici əlaqələr naziri Roberto Alvarez Gil ilə görüşüb.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Görüş zamanı Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.
Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş imzalanıb.
Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd olunub ki, imzalanan sənədlər iki ölkə arasında institusional əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə və Azərbaycan-Dominikan Respublikası münasibətlərinin daha da inkişafına töhfə verəcək.






