
Lənkəran rayonunda yaşayış evindən ümumilikdə 75 500 manat məbləğində pul vəsaitinin oğurlanması ilə bağlı hadisənin üstü açılıb. Cinayəti törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat nağd pul və içərisində 75 min manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.





