
Bu gün – sentyabrın 27-də Azərbaycanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad olunur.
Qanuntv.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.
Müzəffər Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində uzun illər işğal altında qalan ərazilərimizin böyük hissəsi azad edilib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılıb və bir sıra digər ərazilərin Azərbaycana qaytarılması təmin olunub.
Vətən müharibəsində Azərbaycan 2908 şəhid verib, 6 hərbi qulluqçu isə itkin düşüb. Onların qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Anım Günü şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, onların müqəddəs irsini gələcək nəsillərə çatdırmaq və Vətən uğrunda canından keçən qəhrəmanların xidmətlərini daim xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu əlamətdar gündə Azərbaycan xalqı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda həyatını fəda edən bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!





