
Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də bir sıra siyasi şəxslərin ölkəmizlə bağlı səsləndirdiyi əsassız ittihamlar Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ciddi narahatlığına səbəb olub.
QanunTV.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaydığı bəyanatda bildirilib.
Bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında münasibətlər dostluq, qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. Bununla yanaşı, Azərbaycanın müstəqil və suveren dövlət olduğu, daxili və xarici siyasətini milli maraqlarına və Konstitusiyasına uyğun şəkildə müəyyən etdiyi diqqətə çatdırılıb.
Sənəddə qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi iki müstəqil və suveren dövlətin mövcudluğunu ehtiva edir. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək və kənar siyasi-ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək məqsədilə istifadə olunması qəbuledilməzdir.
Bəyanatda Azərbaycanın dünyəvi dövlət quruluşuna və dini etiqad azadlığına da xüsusi diqqət yetirilib. Bildirilib ki, ölkədə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə söykənir. Təhsil müəssisələrində tətbiq edilən qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil olunur və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib.
İşçi qrupu hesab edir ki, bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.
Sənəddə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, onun tarixinə və görkəmli şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsinin də qəbuledilməz olduğu vurğulanıb. Qeyd edilib ki, bu cür yanaşmalar Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur.
Bəyanatda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu kimi halların qarşısının alınması istiqamətində addım atmamasından təəssüf ifadə olunub. Həmçinin Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bu istiqamətdə çağırışlara dözümlü münasibət göstərilməsinin suallar doğurduğu bildirilib.
İşçi qrupu vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakteri hər iki tərəfdən siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əməl olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinə xələl gətirməməlidir.
Bəyanatın sonunda Türkiyənin müvafiq siyasi dairələrinə, o cümlədən parlamentdə təmsil olunan hakim partiyanın nümayəndələrinə çağırış edilib. Bildirilib ki, bu həssas məsələlərə məsuliyyətlə yanaşılmalı, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirilməli, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinilməlidir.





