
Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin və hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi müşahidə olunur.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyasına və ölkənin daxili məsələlərinə müdaxiləyə yönələn bu cür fəaliyyət informasiya məkanından sui-istifadə və ictimai etimadı sarsıtmaq cəhdidir.
Şuranın məlumatına görə, eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların edilməsi, oxşar şərhlərin ardıcıl şəkildə təkrarlanması, eləcə də Azərbaycana aid olmayan foto və videomaterialların montaj edilərək yayılması koordinasiyalı trol hücumlarının əlamətləri kimi qiymətləndirilir.
Bildirilib ki, xarici dillərdə paylaşım edən hesablar tərəfindən Azərbaycan dilində yaradılmış həştəq altında qısa müddətdə 400-dən çox paylaşımın edilməsi, bəzi postların yalnız həştəqdən ibarət olması və eyni məzmunun bir hesabdan dəfələrlə yayılması bu kampaniyaların manipulyativ xarakterini göstərir.
Açıqlamada anonim hesablar vasitəsilə yayılan paylaşımların, eləcə də neqativ şərh və reaksiyalarla vətəndaşları ictimai qaydanı pozmağa təşviq edən fəaliyyətlərin Azərbaycan Respublikasının və beynəlxalq qanunvericiliyin tələblərinə zidd olduğu vurğulanıb.
Media və Yayım Şurası İran və Türkiyədən, xüsusilə “Telegram” və “TikTok” platformaları üzərindən Azərbaycana qarşı məqsədyönlü informasiya hücumlarının intensivləşməsini narahatlıq doğuran hal kimi qiymətləndirib və bu fəaliyyəti qətiyyətlə pisləyib.
Şura həmçinin həmin ölkələrin media və sosial media məkanında Azərbaycan haqqında əsassız və qərəzli materialların, dövlətin və xalqın ünvanına hədə, təhdid və təhqirlərin yayıldığını bildirib. Açıqlamada bu hallarla bağlı müvafiq hakimiyyət orqanlarının tədbir görməməsinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurduğu qeyd edilib.
Sonda Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial şəbəkə istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatları yaymaqdan çəkinməyə və Azərbaycanın nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb.





