
Azərbaycanda fəaliyyət göstərən bəzi informasiya resurslarının ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərdiyi açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.
MEDİA-nın məlumatına görə, özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində qeydiyyatda deyil.
Bildirilib ki, sözügedən resursun yayımladığı materiallarda media etikası tələblərinə riayət olunmadığı qeyd edilib. Həmçinin “Media haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar resurs barəsində məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi və onun fəaliyyətinin qanunsuz hesab edildiyi vurğulanıb.
Agentlik bir daha bütün media subyektlərini, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən qurumları qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Bəyanatda media subyektlərinin öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etmələrinin vacibliyi qeyd olunub.
Qanuntv.az




