
Beynəlxalq “İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibləri açıqlanıb. Müsabiqənin baş mükafatına italiyalı fotoqraf Federiko Veronesi layiq görülüb.
QanunTV.az xəbər verir ki, fotoqraf Namibiyada ölmüş balasını daşıyan ana filin təsirli görüntüsünü lentə alaraq münsiflərin diqqətini cəlb edib.
Fotoda ana filin balasının cəsədini daşıması və onunla bağlı davranışı əks olunub. Bu görüntü vəhşi təbiətdə heyvanların emosional davranışları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Alimlərin müşahidələrinə görə, fillər bəzən ölmüş balalarına və digər qohumlarına toxunur, onların yanında dayanır, cəsədləri qoruyur və hətta daşıyırlar. Bu davranışlar kədərin mümkün təzahürləri kimi qiymətləndirilsə də, heyvanların bu zaman hansı emosional vəziyyəti yaşadığını dəqiq müəyyənləşdirmək çətindir.
Beynəlxalq fotoqrafiya müsabiqəsi vəhşi təbiətin zənginliyini, heyvanların davranışlarını və təbiətdə baş verən təsirli anları nümayiş etdirməklə yanaşı, təbiətin qorunmasının əhəmiyyətinə də diqqət çəkir.












