
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən və ölkəmizin öz suverenliyini bərpa etməsindən danışıb.
QanunTV.az xəbər verir ki, dövlət başçısı çıxışında müharibənin Azərbaycanın seçimi olmadığını vurğulayıb.
“Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı onların yanıldıqlarını qeyd edərək Azərbaycan xalqının xarakterinə, milli-mənəvi dəyərlərinə və azadlıq iradəsinə diqqət çəkib.
“Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”, – deyə Prezident vurğulayıb.





