
Azərbaycanda dövlət informasiya infrastrukturuna qarşı intensiv kiberhücumlar qeydə alınıb. Hücumlar nəticəsində bir sıra dövlət qurumlarının rəsmi internet saytlarının fəaliyyətində fasilələr yaranıb.
QanunTV.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.
Qurumun açıqlamasına görə, 13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücum fəaliyyəti müşahidə olunub. Bildirilib ki, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib və 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücumlar nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb.
Dövlət Xidmətinin məlumatında qeyd olunub ki, görülən müvafiq texniki tədbirlər nəticəsində hücumların təsirləri məhdudlaşdırılıb və internet saytlarının fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda dövlət informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması və mümkün təhdidlərin qarşısının alınması məqsədilə müvafiq tədbirlər davam etdirilir.





