
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
QanunTV.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə azaldılıb.
Bildirilib ki, yeni tarif modelində xidmət haqları əməliyyatın həyata keçirildiyi vaxtdan asılı olmayaraq, köçürmənin məbləğinə uyğun müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə tətbiq olunacaq.
İnnovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən edilib. Bu sistem vasitəsilə ödənişlər 24/7 rejimində real vaxtda həyata keçirilir.
AÖS istifadəçilərə sadə identifikatorlardan istifadə etməklə bank hesabları arasında köçürmələr aparmaq, həmçinin vəsaitləri dərhal qəbul etmək imkanı yaradır. Bu isə maliyyə əməliyyatlarının sürətlənməsinə və likvidliyin artırılmasına xidmət edir.
Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişiklik edilib. Eyni zamanda, kartdan köçürmə əməliyyatlarının emalı üzrə yeni tariflər müəyyənləşdirilib.
Mərkəzi Bankın məlumatına görə, yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına yönəlib.
Qeyd edək ki, yeni xidmət haqları 1 aprel 2027-ci il tarixindən qüvvəyə minəcək. Sistemlər üzrə tariflərlə Azərbaycan Mərkəzi Bankının rəsmi internet resursunda təqdim olunan müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür.





