
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirilib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı–Tel-Əviv–Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq uçublar.
Məlumata görə, səfər üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. İsxak Hersoq Bakıya adi kommersiya reysinin sərnişini kimi gəlib.
Türkiyədə bu səfərlə bağlı yayılan müzakirələrdə uçuşun xarakteri və Prezidentin hansı qaydada Azərbaycana gəlməsi məsələsi gündəmə gətirilib. APA-nın məlumatında isə səfərlə bağlı səsləndirilən iddiaların əsassız olduğu vurğulanıb.
Qeyd edək ki, İsxak Hersoq oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü olub.





