
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
QanunTV.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik və ictimai asayişin qorunması sahələrində əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini ifadə edib və bunu iki ölkə arasında qarşılıqlı təmasların davamı kimi qiymətləndirib. Dövlət başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfər etdiyini və orada mühüm görüşlər keçirdiyini xatırladıb.
Qəbula görə minnətdarlığını bildirən İsgəndər Momeni Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, İran Prezidenti Məsud Pezeşkianın salamlarını İlham Əliyevə çatdırıb və İran dövlət başçısının Azərbaycan Prezidenti ilə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırladığını bildirib.
Prezident İlham Əliyev salamlarına görə təşəkkür edib və öz salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib. Dövlət başçısı İran Prezidenti ilə son vaxtlar tez-tez görüşdüyünü qeyd edərək, bir neçə gün əvvəl Türkmənistanda keçirilən görüşü də xatırladıb.
İsgəndər Momeni İran Prezidentinin iki ölkənin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
İranın daxili işlər naziri Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, İranda müxtəlif vaxtlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı göstərilən humanitar yardıma və dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Görüş zamanı İsgəndər Momeni regionda gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirib.
Söhbət zamanı, həmçinin Azərbaycan və İranın müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.









