
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövlət başçısı ötən il Kopenhagendə Niderlandın sabiq Baş naziri Dik Sxof ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, həmin görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldığını bildirib.
Prezident İlham Əliyev Tom Berendsenin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib və səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli fürsət kimi dəyərləndirib.
Niderlandın xarici işlər naziri qəbul üçün dövlət başçısına təşəkkür edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb.
Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirinin və səfirlik əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Nazir, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirdiklərini qeyd edib. Onun sözlərinə görə, regionda sülh və sabitliyin bərqərar olması təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün də mühüm əhəmiyyət daşıyır.
Görüşdə Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd olunub. Nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və işgüzar nümayəndə heyətlərinin görüşlərinin təşkili məsələlərini də müzakirə ediblər.
Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi diqqətə çatdırılıb. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu vurğulanıb.
Görüş Azərbaycan ilə Niderland arasında siyasi dialoqun davam etdirilməsi və müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.





