
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini anıblar.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iranlı həmkarı İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlığa qarşı mübarizənin xüsusi diqqət mərkəzində olduğunu bildirib.
Nazir qeyd edib ki, bu kimi cinayətkarlıq hallarına qarşı səmərəli mübarizə yalnız birgə səylər və qarşılıqlı əməkdaşlıq sayəsində mümkündür. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycan Daxili İşlər Nazirliyinin maraqlı olduğunu diqqətə çatdırıb.
Vilayət Eyvazov qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət barədə də qısa məlumat verib. Bildirilib ki, hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorizm, ekstremizm, separatizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İskəndər Momeni isə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin regionda təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu da iştirak edib.









