
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlərdən danışıb.
QanunTV.az xəbər verir ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın iki il ərzində AQEM-in gücləndirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.
Prezident qeyd edib ki, ölkəmiz sədrliyi müddətində nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafını fəal şəkildə təşviq edib.
İlham Əliyev bildirib ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən müxtəlif təşəbbüslər nəticəsində AQEM hazırda institusional və hüquqi baxımdan daha güclü mövqeyə malikdir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verib.





